Xətai rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirildi
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ili tamam olur.
Əlamətdar gün münasibətilə Xətai rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.
Daha sonra rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədovun sədrliyi ilə görüş keçirilib.
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəis müavini İsmayıl Abbasov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizintərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.
Natiq qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.
SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.
Vurğulanıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.
Digər çıxış edənlər -aparatın şöbə müdiri Pənah İmanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, Aprel şəhidi Xaliq Əzizzadənin atası Həsən Qasımov Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.
Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olundu.