Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir.
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Döyüşlər zamanı Xətai rayonu 4 şəhid verib. Şəhidlərimiz Musazadə Təbriz Tariyel oğlu, Əzizzadə Xaliq Həsən oğlu, Niftalılı Rəşad Şakir oğlu, Orucov Müşfiq Arif oğlunun əziz xatirəsi hər zaman hörmətlə anırıq!
Xətai rayonunun təhsil müəssisələrində Aprel şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş müxtəlif anım tədbirləri keçirilir.