Xətai rayonunda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətlə iş üzrə rəis müavini polkovnik Emil Səfərov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzmüşlər.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətlə iş üzrə rəis müavini polkovnik Emil Səfərov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Böyük Vətən Müharibəsi Veteranları təşkilatının sədri Nəcibə Məhərrəmova bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımız düşmən işğalından tezliklə azad olunacaq. Bu gün bütün sahələrdə olduğu kimi ordu quruculuğu, hərbçilərin və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə diqqət artmaqdadır. Bu dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Cənab Prezident tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar bizi bir daha əmin edir ki, ölkə başçısı xalqımız ilə birlikdə tezliklə işğalda olan torpaqlarımızın azad olunmasına nail olacaqdır.
Çıxışlardan sonra yarışa start verilmişdir.
Qeyd edək ki, yarışda 37 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 və 10-cu sinif şagirdləri (5 oğlan və 2 qız 8-ci sinif; 5 oğlan və 2 qız 10-cu sinif) ümumilikdə 518 nəfər şagird iştirak etmişdir.
Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir.Yekunda hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə topladığı xallar hesablanaraq komandaların əldə etdiyi yekun nəticə qiymətləndirilir və yerlər müəyyənləşdirilir.
Yarışın yekun nəticələrinə görə 221 nömrəli tam orta məktəbin komandası I yeri, 191 nömrəli tam orta məktəbin komandası II yeri, Heydər Əliyev adına Liseyin komandası III yeri tutmuşdur.