Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında əhalinin pulsuz tibbi müayinəsi keçirilmişdir

18 fevral 2014 | 11:00

Fevralın 17-də  Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin pulsuz tibbi müayinəsi keçirilmişdir. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikaya səhərin erkən saatlarından başlayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, pensiyaçıların axın-axın gəlişi müşahidə olunurdu. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müşavirədən sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlanmışdır. Artıq rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
      
Poliklinikanın baş həkimi İmamverdi Rzayev  rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, poliklinika 68 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.

Keçidlər