Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

26 iyun 2019 | 11:00

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verdi.

Bildirildi ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.

Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Buradakı şərait şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.

Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları, mini futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança yaradılıb.

Sonra dövlətimizin başçısı Hərbi Liseydəki Heydər Əliyev Muzeyi ilə tanış oldu. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi Liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.

Dövlətimizin başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.

Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış oldu. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkəmizin və liseyin həyatında baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.

Daha sonra dövlətimizin başçısı kursant yeməkxanasında yaradılan şəraitlə maraqlandı. İkimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var. Dövlətimizin başçısının qayğısı sayəsində bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların qidalanması məsələsinə də xüsusi diqqət yetirilir.

Hərbi Liseyin tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.

Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da salınıb və tribuna inşa edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur. Bu, göstərir ki, Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır.

Prezident, Ali Baş Komandan İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edərək dedi:

- Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.

Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.

Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.

Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.

Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.

Sizi bir daha təbrik edirəm.

Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər