Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi

09 avqust 2019 | 11:00

Xətai rayon İcra Hakimiyyətində  Xətai   rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “2019-cu ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları”na qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.Tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyublar. 

Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini  Rafiq Quluyev  iclasda hesabat məruzəsi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2019-cu ilin birinci yarısında  görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 2019-cu ilin birinci yarısında ölkəmizin bütün bölgələrində aparılan yenidənqurma, abadlıq, tikinti-quruculuq işləri Bakı və onun ətraf qəsəbələrində də geniş vüsət almışdır. Bu sırada Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu xüsusi yer tutur.

Rafiq Quluyev hesabat məruzəsində qeyd etmişdir ki, rayon ərazisində davamlı aparılan abadlıq-quruculuq və yenidənqurma işləri vətəndaşlarımız tərəfindən hər zaman məmunluqla qarşılanır. İlin əvvəlindən başlayaraq rayonun ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni nümunəvi həyətlər, xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad həyət”lər salınaraq sakinlərin istifadəsinə verilmişdir. İlqar Zülfüqarov küçəsi 107, 109, 111 və 113 saylı binaların həyətində salınmış yeni “Abad Həyət”in açılışında şəxsən Leyla xanım Əliyevanın iştirakı sakinlərimizin əsil sevincinə səbəb oldu. Məlumat üçün bildirirəm ki, bu abadlıq – quruculuq işləri çərçivəsində son 6 ay ərzində, Naximov küçəsi 9 ünvanında,  M.Rüstəmov küçəsi 12 saylı binanın ərazisində İDEA İctimai birliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə “Abad həyət”lər salınaraq istifadəyə verilmişdir. Bu görülən işlər çərçivəsində həmin həyətlərdə müxtəlif idman - futbol, basketbol, voleybol meydançaları salınmış, müasir tipli idman qurğuları quraşdırılmış, söhbətgahlar tikilmiş, uşaq əyləncə guşələri yaradılmışdır. Zığ yolu 9 saylı ünvanın yaxınlığında Şəhidlərin abidə kompleksi əsaslı təmir edilmiş, binanın yaxınlığında fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir. Yeni salınan parkda  uşaq əyləncə elementləri, idman qurğuları quraşdırılmış, 8000 m2 yaşıllıq zolağı salınmış, gül kolları əkilmişdir. Mövcud ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkilmiş və 150-dən çox ağac əkilmişdir.
      Bir neçə gün əvvəl Zığ yolu 3 ünvanında da həmçinin əsaslı təmir işlərindən sonra yeni salınmış əyləncə və istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Digər ünvanlarda olduğu kimi bu ərazidə də yaşıllıq sahəsi salınaraq gül kolları əkilmiş, sakinlərin istirahəti üçün lazımi şərait yaradılmış, uşaqlar əyləncəsi üçün müxtəlif qurğular quraşdırılmışdır. Hazırda M.Rüstəmov küçəsi 21, Lütfizadə küçəsi 10 və Sarayevo küçəsi 19 saylı binaların həyətində 5000-ə yaxın əhalinin yaşadığı həyətdə İDEA İctimai birliyi tərəfindən Abad həyətin tikintisi, eləcə də Gəncə prospekti 75-77, Ramiz Quliyev 2, Rahib Məmmədov 10, İlqar Zülfüqarov küçəsi 99-101 saylı binaların həyətlərində və digər ərazilərdə abadlıq-quruculuq işləri davam etdirilir.
      Həmçinin illərlə baxımsız qalan Cavanşir küçəsində aparılan abadlıq işləri çərçivəsində ərazi qeyri-qanuni zəbt olunaraq çəkilmiş hasarlardan, tikililərdən, məişət tullantılarından təmizləndikdən sonra əraziyə su xətti çəkilmiş, gəzinti zolaqları salınmış, oturacaqlar quraşdırılmış və işıqlandırma sistemi ilə təchiz edilmişdir. Bakı şəhər İcra Hakimiyyətini Başçısı cənab Eldar Əzizovun və Dövlət Tikinti və Arxitektura Komitəsini sədri cənab Samir Nuriyevin və hər iki idarənin kollektivinin iştirakı ilə 1000 ədəd ağac əkilmiş, ümumilikdə sahəsi 12000 m2 olan ərazi abadlaşdırlaraq sakinlərin istifadəsinə verilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, abadlıq quruculuq işləri çərçivəsində rayon ərazisində 90000 m2–dən çox yeni yaşıllıq zolağı salınmış, parklarda, müxtəlif ünvanlarda 7000-dən artıq ağac əkilmiş, mövcud yaşıllıq sahələrinin qorunub saxlanılması, qulluq edilməsi üçün ödənişli ictimai işlərə yeni işçilər cəlb olunmuş və lazımi şərait yaradılmışdır.
Yol infrastrukturunun yenidən qurulması, küçə və prospektlərin abadlaşdırılması istiqamətində  Sarayevo, General Mehmandarov və M.Hadi küçələrində əsaslı işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolların müasir üslubda yenidən qurulması ilə paralel olaraq rayon İcra Hakimiyyəti olaraq layihə əsasında yolboyu yaşıllaşdırma işləri aparılır, ağaclar budanır, ticarət və digər ictimai-iaşə obyektlərinin fasadları və səkilər müasir memarlıq üslubunda yenilənir,  işıqlandırma sistemi qurulur. İş başlanandan bu günədək Mehmandarov küçəsinə 62000 kv.m, digər məhəllədaxili küçələrə 58800 kv.m asfalt vurulmuşdur. Rayon ərazisində mərkəzi və məhəllədaxili yollara ümumilikdə 137000 m2 asfalt örtüyü vurulmuşdur.  Heydər Əliyev adına parkda cari təmir işləri aparılmış, monitor, fəvvarə və şəlalə kompleksi əsaslı təmir olunmuşdur. Oturacaqlar yenilənmiş, yararsız hala düşmüş döşəmələrdə təmir işləri aparılmışdır. Rahib Məmmədov küçəsində,Zığ yolu 39 və 42 ünvanlarında yerləşən parklarda isə hazırda təmir işləri davam etdirilir və avqust ayının sonu işlər yekunlaşacaqdır. Rayonun M.Hadi küçəsi boyu yerləşən ictimai-iaşə obyektərinin görüntüsünün rayonun yenilənən simasına uyğun şəkildə yenidən qurulması işləridə uğurla icra olunur. Müasir memarlığın tələbləri nəzərə alınaraq insanların zövqünə uyğun şəkildə işlənilmiş layihə əsasında  küçəboyu yerləşən ticarət və xidmət obyektlərinin fasadlarında yenidənqurma işləri sürətlə davam etdirilir.
       Birinci yarımillikdə icra olunan tədbirlərdən biri də  26 Fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşün keçirilməsinə hazırlıq işləri olmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq  və Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri cənab Zeynal Nağdəliyevin rəhbərliyi ilə parkın yerləşdiyi Xocalı prospekti və elə də yürüşün keçəcəyi Yusif Səfərov küçəsi, Nobel prospekti boyu abadlıq işləri aparılmış, 10 000 kv.m yaşıllıq örtüyü yenilənmiş, ağaclar və  100 mindən çox  dekorativ gül kolları əkilmiş, yolboyu fasadlara qanlı faciəni əks etdirən bannerlər vurulmuşdur.        Ölkə Başçısı cənab İlham Əliyevin, birinci vitse – prezident Mehriban xanım Əliyevanın və dövlət rəsmlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi çoxsaylı yürüşün yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri lazımi səviyyədə yerinə yetirilmişdir. Yürüşdə rayonumuzdan da 7000 nəfərdən çox insan iştirak edərək faciə qurbanlarının xatirəsini hörmətlə anmışlar.
        Hesabat dövründə rayon ərazisində mədəni-kütləvi tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilmişdir. Novruz Bayramı münasibətilə bir neçə ünvanda Novruz şənlikləri və  ölkəmiz üçün önəmli hadisələrdən biri - 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə tanınmış incəsənət ustalarının iştirakı ilə İctimai televiziya ilə canlı yayımlanan Konsert Proqramı təşkil edilmişdir. Rayon sakinləri konsertin təşkil edildiyi Heydər Əliyev adına parka axın edərək böyük sevinc və çoşğu ilə bu əlamətdar günləri qeyd etmişlər.
Rayonun Məzahir Rüstəmov küçəsində - “Bakı” kinoteatrının yaxınlığında əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarının artırmaq, süni qiymət artımının qarşısını almaq üçün hər həftənin şənbə-bazar günləri kənd təsərrüfatı məhsullarının satış  yarmarkası təşkil olunmuş,  fermerlərə və bazarlıq üçün bura üz tutan paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Həmçinin hazırda Gəncə prospekti 20a ünvanında yeni yarmarkanın inşasıda davam etdirilir.
    Cənab Prezidentin tapşırığı ilə işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması məqsədilə yaradılmış ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin əməyindən rayonumuzda görülən abadlıq-quruculuq işlərində geniş istifadə olunmuşdur. Bu günədək bu işlərə 940 nəfər cəlb olunmuşdur.
Hesabat dövründə rayon ərazisində kəskin qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısı hazırlanmış, həmçinin qəzalı vəziyyətdə olan General Şıxlinski küçəsi 42 ünvanında yerləşən 146 ailənin yaşadığı yataqxana binasının yaşayış sahələrinin ölçüləri və digər məlumatlar göstərilməklə siyahısı tərtib olunaraq Bakı şəhər İcra hakimiyyətinə təqdim olunmuşdur. Qeyd olunan ünvanda yaşayan sakinlər kirayə mənzillərə köçürüldükdən sonra yataqxana binasının söküntüsü və yerində tikinti şirkəti tərəfindən yeni yaşayış binası inşa edilməklə bina sakinlərinin sökülmüş binada sahib olduqları mənzillərin ölçüsündən böyük yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Həmçinin Dövlət Qəbul komissiyası tərəfindən istismara qəbul edilməyən Bakı şəhəri üzrə 350 hündürmərtəbəli yaşayış binasından 87–si Xətai rayonunda yerləşir ki, qeyd olunan binalarda yaşayan sakinlər qeydiyyat məsələsində, qaz təchizatı ilə təmin olunmasında və digər məsələrdə problemlərlə üzləşirdilər. Artıq cənab prezidentin tapşırığına əsasən qeyd olunan problemlər həllini tapmaqdadır.Yaşayış binalarının istismara qəbul olunması ilə bağlı işlər uğurla davam etdirilir.
Həmçinin lift təsərrüfatının yenilənməsi ilə əlaqədar ölkə başçısının tapşırığına əsasən rayon ərazisində istismarını başa vurmuş 164 liftin yenisi ilə əvəzlənməsi  ilin sonunadək nəzərdə tutulmuşdur.
Rayon ərazisində inşa edilmiş sənədsiz fərdi yaşayış evləri və torpaq sahələri ilə əlaqədar insanların narahatlığına da artıq son qoyulmaqdadır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyası rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamının icrası ilə əlaqdar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evləri və torpaq sahələrinin Əmlak Məsələləri Dövlət Komitəsinin tərtib etdiyi formalar üzrə işlənilməsi və sərəncamdan irəli gələn digər vəzifələrin vaxtında icra olunması məqsədilə Rayon İcra Hakimiyyətində müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət Yerli Ekspert Komissiyası yaradılmışdır. Komissiya artıq öz işinə başlamışdır.
      Hesabat dövründə rayon İcra Hakimiyyətində davamlı keçirilən qəbullar zamanı sakinlərin qaldırdığı problemlərə həssaslıqla yanaşılmış, onları narahat edə n məsələlərə operativ reaksiya verilərək yerində araşdırılmış və aradan qaldırılmısı üçün zəruri tədbirlər görülmüşdür. Dövlət Başçısının qarşımızda qoyduğu vəzifənin məsuliyətini dərk edərək Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayon və qəsəbə bələdiyələri, xidmət sahələrinin və digər əlaqədar təşkilatlarla birgə vətəndaş məmunluğunun təmin edilməsi fəaliyyətimizdə əsas prinsip olmuşdur.
Görülən işlərlə yanaşı rayon ərazisində bəzi sahələrdə həlli vacib olan  problemlərdə mövcuddur. Küçə işıqlandırması ilə bağlı yaranan bir sıra problemlər sakinlərin haqlı narazlığına səbəb olur. Bu sahədə böyük işlər görülməsinə baxmayaraq çatışmazlıqlar hələdə mövcuddur. Rayon ərazisində bəzi küçələrdə  işıqlandırma ilə bağlı problemlərin həlli məqsədilə aidiyyatı təşkilatın rəhbəri rayon İcra Hakimiyyətinə dəvət olunmuş, bu sahədə  mövcud problemin tezliklə aradan qaldırılması yolları müzakirə edilmiş və müvafiq tapşırıqlar verilmişdir.

Digər çıxış edənlər rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, rayon MKTB-nin rəis əvəzi Sahib Babayev, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tufan Tarverdiyev, rayon Məşğulluq Mərkəzinin direktoru Ramal Quluzadə   respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərdən danışmış və Xətai rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirmişlər.

Hesabat iclasının yekununda  Rafiq Quluyev  qeyd etmişdir ki,   gələcəkdə də  öhdəmizə düşən vəzifələri layqincə yerinə yetirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına, insanlarımızın rifah halının yaxşılaşdırılmasına öz töhfəmizi verəcəyik. Eyni zamanda Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən layqincə gələcək, ölkəmizin inkişafı yolunda həyata keçirdiyi  siyasətə dəstək olacağıq.

 

 

 

Keçidlər