Xətai məktəbliləri Yüksək Texnologiyalar Parkında olublar
27 sentyabr 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən Xətai rayonu Tahir Bağırov adına 59 saylı orta məktəbinin bir qrup yeniyetmə və gəncinin Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyada Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elvin Orucov və aparıcı məsləhətçi (gənclər sahəsi üzrə) Mamed Rzayev, Xətai rayon 59 № li tam məktəbin uşaq birliyinin rəhbəri Leyla Əhmədova və bir qrup yeniyetmə və gənc iştirak etmişlər.
Ekskursiya iştirakçılarını Yüksək Texnologiyalar Parkının direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağır-zadə qarşıladı. O, ilk öncə Texnopark haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 05 iyul 2017-ci il 9/22 saylı qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin nəzdində “Strateji Elmi Analitik Sınaq Mərkəzi” (AMEA SEASM) yaradılmışdır və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin struktur bölməsidir. Qeyd etdi ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması Yüksək Texnologiyalar Parkının əsas məqsədlərindəndir.
Ziyarətçilər ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
AMEA Təcrübə-Sənaye Zavoduna da baş çəkən məktəblilərə bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.
Ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli sürtkü yağları, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.
Ekskursiya iştirakçıları sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkında həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti elmi-praktiki məktəblilərin böyük marağına səbəb olub.