194 saylı məktəbdə “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
2 fevral 2023-cü ildə 194 saylı tam orta məktəbdə "Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Mürsəl Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin nümayəndələri mayor Ramil Məmmədov, kapitan Mirəhməd Nəsirli və Nicat İmanquliyev , Xətai rayonu məktəblərinin hərbi rəhbər müəllimləri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Azərbaycan gəncliyinin hamisi olmuş Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib və onunla bağlı xatirələr bölüşülüb. Xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və dövlətçilik salnaməmizə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin gənclərə örnək olan həyat fəlsəfəsindən bəhs edilib.
Qeyd edilib ki, Azərbaycan gəncləri cəmiyyətimizin aparıcı qüvvəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimiz işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq, rəşadət, şücaət nümayiş etdiriblər. İndi isə onlar azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulmasında fəal iştirak edirlər.
Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.