Xətai rayonunda "Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib+VİDEO
Xətai rayonunda Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin təntənəli yolasalma mərasimi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov, Dövlət Milli Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi Babək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid Bayroyev, rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynov, Milli Qəhrəman Möhsün Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun mədəniyyət kollektivləri iştirak edirdilər.
https://www.facebook.com/173778893157406/videos/532117067631679/
Tur-aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, dövlət başçısının tövsiyyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək. Rafiq Quluyev həmçinin bildirdi ki, müstəqil Azərbaycan son 26 ildə möhtəşəm tarixi bir inkişaf yolu keçmişdir. Ölkəmizin bu inkişafı təkcə paytaxt Bakının simasında deyil, bölgələrimizin timsalında da özünü parlaq şəkildə göstərir. Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcəklər. Zəngin tarixi ilə seçilən bu bölgə həm də səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İnanıram ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.
Çıxışına məktəblilərə uğurlu səyahət arzuları ilə başlayan Milli Məclisin deputatı Hüseynbala Mirələmov məktəblilərə Ölkə rəhbərliyinin onlar üçün yaratdığı bu imkandan maksimum faydalanmağı tövsiyyə etdi.
Çıxış edən məktəblilər və valideynlər yaradılan bu imkan üçün Ölkə Başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilərinin ritmik musiqi nömrələri ilə davam etdi.
Daha sonra şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşaiyəti ilə Gəncə şəhərinə yola düşdülər.