“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Xətai rayonundan olan məktəblilər noyabrın 13-də Gəncəyə gəliblər. “Ölkəmizi tanıyaq” avtobuslarının ilk dayanacağı Heydər Əliyev park-kompleksi olub.
Burada məktəbliləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri və mədəniyyət işçiləri qarşılayıblar.
Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyətindən söz açıb. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən bu layihə Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya dövlət başçısının gənclərə həssas münasibətinin, diqqət və qayğısının nümunəsidir.
Daha sonra Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçıları olan məktəblilərə Gəncənin tarixi və mədəniyyəti barədə məlumat verilib. Qonaqlara Gəncənin gəzməli-görməli yerlərinin şəkillərindən ibarət kitabçalar təqdim edilib.
Xətai rayonundan olan məktəblilər 2 gün ərzində Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olacaqlar. Növbəti gün isə onlar Şəmkir və Göygölə səfər edəcəklər.
https://azertag.az/xeber/1354828