Xətai rayonunda ilk dəfə səs verəcək gənclərlə maarifləndirici tədbir keçirilib
22 noyabr 2019-cu il tarixində Xətai rayonunda yerləşən 260 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, 34 saylı Xətai 2-ci Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev, 260 nömrəli tam orta məktəbin direktoru Kəmalə Quliyeva, Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev və ilk dəfə səs verəcək rayon gəncləri iştirak etmişlər.
Çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. O, gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyyə etdi.
Tədbirin nəzəri hissəsində 34 saylı Xətai 2-ci Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev Xətai rayonunda seçki ərəfəsində görülən işlər, səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah etdi, mövzu ətrafında gənclərin suallarını cavablandırdı.
Sonda praktiki hissədə qurulmuş praktik məntəqə şəraitindən istifadə edərək səsvermə prosesi əvvəldən sonadək gənclərə izah olundu.