25.02.2014-cü il tarixdə Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsində həlak olan insanların ailə üzvləri ilə görüş keçirildi
25.02.2014-cü il tarixdə Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsində həlak olan insanların ailə üzvləri ilə görüş keçirildi. Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi
cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Başçı qeyd etdi ki, soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən 1000-ə yaxın xüsusi buklet hazırlanıb müəssisə və təşkilatlara
paylanılmışdır. Bukletdə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, faciəni əks etdirən faktlar Azərbaycan və ingilis dillərində yer alıb. Həmçinin Xətai rayonunda yerləşən Xocalı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsi, ermənilər tərəfindən qətlə yetirilən uşaqların fotoşəkilləri çap edilib.
Daha sonra millət vəkili Hüseynbala Mirələmov çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə və insanlığa qarşı yönələn ən qəddar cinayət olduğunu qeyd etdi.
Xocalıdan olan məcburi köçkünlər isə çıxış edərək beynəlxalq ictimaiyyəti insanlığa qarşı
törədilmiş bu cinayəti soyqırım kimi tanımağa, faciəni törədənləri isə layiqli cəzalandırmağa çağırdılar.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardımlar verildi.