Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar fevralın 26-da səhər tezdən on minlərlə insan Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsinin önünə toplaşmışdı. Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anım mərasimində iştirak etdi, abidənin önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.