Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
https://president.az/articles/35967
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak etdilər.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoydular.