Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

28 fevral 2020 | 11:00

Xətai rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları ilk öncə rayonun Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzmüşlər. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri , millət vəkili Hüseynbala Mirələmov, rayon prokuroru Yusif İldırımzadə, Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı  Rafiq Quluyev  iclasda hesabat məruzəsi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2019-cu ildə görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 2019-ci ildə ölkəmizin bütün bölgələrində aparılan yenidənqurma, abadlıq, tikinti-quruculuq işləri Bakı və onun ətraf qəsəbələrində də geniş vüsət almışdır. Bu sırada Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu xüsusi yer tutur.

Rafiq Quliyev qeyd etmişdir ki, 2019-cu ildə  rayonun sənaye  müəssisələrində 1 milyard 567 min manatlıq məhsul istehsal edilmiş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12,9% çox olmuşdur. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 yanvar 2020-ci il tarixinə 917 mln manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 45 milyon 947 min manat, nəqliyyat sektorunda isə 751 min manat həcmində xidmət göstərilmişdir. İaşə müəssisələrinin ümumi dövriyyəsi  89 milyon 167 min manat olmuşdur. Həcmin 59,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və əhaliyə 35 milyon 932 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 25 mln 435 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 545 milyon manat təşkil etmiş, göstərilən xidmətlərin 7,7 faizi dövlət müəssisələrinin payına düşmüş və ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşaraq 306 milyon manat təşkil etmişdir. Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 595 milyon manatlıq əmtəə məhsulu satılmışdır ki, bunun da  30,9 faizi hüquqi şəxslərin, 13,1 faizi rayonda fəaliyyət göstərən əmtəə bazar və yarmarkalarının, 57,7 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 544 milyon 990 min manat məbləğində vəsait xərclənmiş, 470 milyon 887 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş və tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 931 milyon manat olmuşdur. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində Xətai rayon Məşğulluq Mərkəzinə 4967 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onlardan 4214 nəfəri qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə DOST İŞ Mərkəzi ilə birgə  940 nəfər sosial işlərə cəlb edilmişdir. Bu insanlar əsasən, rayon ərazisində Mənzil Kommunal Təsərrüfat Birliyində, park və bağlıarda, yaşıllıq zolaqlarında, məktəb və uşaq bağçalarında,  səhiyyə ocaqlarının ərazilərində yaşıllıqlara qulluq, suvarma işlərinə və s. cəlb olunmuşlar. Eləcə də, salınan hər bir yeni abad həyətdə, nümunəvi məhəllələrdə həmin ərazidə yaşayan təqaüdçü, imkansız şəxslər ağaclara qulluq, suvarma və nəzarət məqsədi ilə bu işlərə cəlb olunmuşdur.   Ayrılmış iş yerlərində işdən çıxanları və onların yerinə işlə təmin olunanları nəzərə alaraq, balans müqavilələrinə əsasən işlə təmin olunanların sayı 1072 nəfər olmaqla, ümumilikdə 2616 nəfər ödənişli ictimai faydalı işlərə cəlb olunmuşdur. Mərkəz tərəfindən 140 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. İl ərzində rayon ərazisində abadlıq-quruculuq və yenidənqurma işləri çərçivəsində xeyli işlər görülmüşdür.  26 Fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşün keçirilməsinə hazırlıq işləri görülmüşdür. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq  və Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri cənab Zeynal Nağdəliyevin rəhbərliyi ilə Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin yerləşdiyi park xiyabanda, Xocalı prospekti, eləcə də, yürüşün keçəcəyi Yusif Səfərov küçəsi, Nobel prospekti boyu abadlıq işləri aparılmışdır. 10000 kv.m yaşıllıq örtüyü yenilənmiş, 100 mindən artıq mövsümü güllər, dekorativ kolları və ağaclar əkilmiş, yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər vurulmuş, binaların fasadlar, hasarlar, park boyu işıq dirəkləri, oturacaqlar, söhbətgahlar, məhəccərlər rənglənmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev son illərdə ölkəmizdə əldə edilmiş uğurlardan danışmışdır. Tağı Tağıyev demişdir ki, bu uğurların başlıca səbəbi ölkəmizdə aparılan islahatlar, hökm sürən sabitlik, ictimai asayişdir.

Çıxış edən YAP Xətai Rayon Təşkilatın sədri, millət vəkili Hüseynbala Mirələmov, rayon prokuroru Yusif İldırımzadə, Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Qafur Rəhmanov, Humanitar Fənlər Təmayüllü liseyin direktoru Nəzakət Əsgərova,  Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tufan Tarverdiyev,  Xətai Rayon Məşğulluq Mərkəzinin direktoru Ramal Quluzadə  respublikamızda  sosial-iqtisadi və mədəni sahələrdə əldə edilmiş nailiyyətlərdən danışmış və Xətai rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirmişlər.

Digər çıxış edənlər ölkəmizdə iqtisadi və digər sahələrdə əldə olunmuş nailiyyətlərdən danışmış, hesabat dövründə Xətai rayonunda görülmüş işləri yüksək qiymətləndirmişlər.

Sonra Prezident cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxundu.

Yığıncağın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev yekun nitqi ilə çıxış edərək, 2020-ci ildə də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layiqli və uğurlu siyasət nəticəsində nailiyyətlərin daha çox olacağını vurğuladı.

Keçidlər