Xətai rayonunda könüllü gənclər pandemiya ilə mübarizə tədbirlərində yaxından iştirak edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində , gəncliyin könüllülük prinsipi əsasında xalqımızın aztəminatlı təbəqəsini, sosial cəhətdən yardıma ehtiyacı olanları tək buraxmaması humanitar siyasətə çevrilib. Bu, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra kütləvi hal alıb.
“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən maddi ehtiyacı olanlara, aztəminatlı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət yardımların paylanılması aksiyalarında könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkmiş, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərmişlər.
Ərzaq paylarını qəbul edən Xətai sakinləri insanlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.