Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət – vətəndaş həmrəyliyinə töhfə: KÖLGƏDƏN IŞIĞA DOĞRU

23 may 2020 | 11:00

İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil...

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Dünyanın bir parçası olan Azərbaycan bu gün yaxın və uzaq olan bütün ölkələr kimi ağır, məsuliyyətli bir imtahan qarşısındadır: artıq neçə aydır ki, bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də, necə deyərlər, təslim olmaq fikrində deyil, can almaqda, sosial-iqtisadi sahələri çökdürməkdə, siyasi əlaqələri zəiflətməkdə davam edir. Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın hər gün yaydığı məlumat bizim sabaha ümid-inamımızı artırır, bu dəhşətli virusun törətdiyi böhrandan tezliklə az itki ilə çıxacağımızı, öz gücünə arxalanan, dünya birliyinin etibarlı və layiqli üzvü olan bir dövlət kimi son 17 ilin uğurlu davamını daha şövqlə, daha istəklə yaşamaq düşüncəmizi möhkəmlədir.

Bu təhlükəli bəladan ağır itki, dəhşətli qan-qada olmadan qurtulmağımıza inamın sirri nədədir? Bu sual, heç də təsadüfən qar­şıya çıxmır. Çünki şahidik ki, Azərbaycanda cəmiyyətin müəyyən qismi hələ də pande­miya əzabına inanmır. Çoxu söz düşəndə “Belə təhlükəli bəla ayaq açıb yeriyirsə, niyə ətrafımızda, qonum-qonşumuzda buna rast gəlmirik”, – deyir. Bəlkə də opertiv qərargahın gündəlik məlumatında itkilərin, virusa yoluxanların sayı barədə ciddi nara­hatlıq doğurmayan rəqəmlərin ifadə olun­ması virusun mövcudluğuna bu inamsızlığı şərtləndirir. Əslində, pandemiya ilə, sözün həqiqi mənasında, aparılan topsuz-tüfəngsiz müharibədə qazanılan uğurun əsasında da məhz həmin göstəricilər dayanır. Halbuki o kiçik rəqəmlər COVID-19-la ölüm-di­rim savaşı yaşayan ölkələrdə qeydə alınan göstəricilərlə müqayisədə bəlkə də heç dilə gətiriləsi deyil.

Bu məqamda dünyanın nəhəng dövləti olan ABŞ-da koronavirus pandemiyasının fəlakətlərinin miqyasına münasibəti açıqla­yan “The New York Times” nəşrinin dərc etdiyi bir məqalədən kiçik bir parçanı sadəcə parallelər aparmaq və Azərbaycanda həyata keçirilən tədbirlərə qiymət vermək üçün diqqətinizə çatdırmaq istəyirəm. Qəzet yazır: “Kolumbiya Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, əgər şəhərləri iki həftə əvvəl, yəni martın 1-də bağlamağa başlasay­dılar, ABŞ-dakı bütün pandemiya qurbanla­rının 83 faizinin ölümünün qarşısını almaq olardı – yəni may ayının əvvəlinə 54 min adam sağ qalardı”. Məqalə müəllifi xatırladır ki, mart ayında “Prezident Tramp toplantıları dərhal ləğv etməyə başlamadı, əksinə, ABŞ-da yoluxma risklərinin çox aşağı olduğunu təsdiqlədi. Hələ martın 9-da o dedi ki, həyat və iqtisadiyyat öz axarı ilə gedir, koronavirus isə qripdən heç də qorxulu deyil”. Nəhəng dövlət başçısını qınamağa haqq verən isə bu gün ABŞ-da itkilərin, az qala, 100 min nəfərə çatmasıdır.

Bəs pandemiya həyəcan siqnalı veriləndə Azərbaycanda nə baş verdi və dövlət başçısı İlham Əliyev dərhal hansı addımları atdı? Azərbaycan hansı yolu getmək – iqtisadiy­yatın “sağlamlığını”, yoxsa xalqın sağlam­lığını seçmək üzərində tərəddüd etdimi? Bu yerdə Prezident İlham Əliyevin qənaətinə diqqət yetirək: “Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən, demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır”. Bu, xalqına, millətinə sevginin əsl nümunəsi deyilmi?

Bu yerdə xalqa xidmətin müstəsna nümunəsinə çevrilən bir məsələni unut­maq ədalətsizlik olardı. Bəşəriyyətin başının üstünü almış koronavirus ölüm kabusunun millətimizə, insanlarımıza ağır itkilər verməməsi üçün dövlət başçısı ilə çiyin-çiyinə bütün tədbirlərdə iştirak edən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın canıyananlığı, narahatlı­ğı bəlkə bu pandemiya dövrünün ən təsirli məqamlarından idi. Onun vaxtaşırı xalqa üz tutması, az qala, yalvararaq tövsiyə edilən tədbirlərə əməl etmələrinə çağı­rışları, özünütəcriddən yayınmamalarını xahiş etməsi, sözün əsl mənasında, həqiqi dövlət xadimi keyfiyyətini nümayiş etdirən ən incə məqamlardan idi. Diqqət edin: “Əziz həmvətənlərim, mənim doğmala­rım! Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!”

Daha sonra yazır: “Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağ­lamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qayta­racaq!” Mübaliğəsiz deyirəm ki, oxuyaraq kövrəldiyim bu sözlərdə o qədər böyük qay­ğı, o qədər böyük səmimiyyət və diqqət var ki, insanlar onun sehrinə düşməyə bilməzlər. Bu fikirlərin heç bir əlavə şərhə ehtiyacı yoxdur. Mən şübhə etmədən deyirəm ki, Mehriban xanımın təkcə bu müraciətləri minlərlə Azərbaycan vətəndaşına COVID-19 təhlükəsinin reallığını dərk etdirdi və onları özlərini qorumağa səfərbər etdi.

Belə olan halda, inamla dediyimiz, yaşamaq-yaratmaq həvəsimizi artıran o uğurun, pandemiyaya qarşı mübarizədə əldə edilən qələbənin əsasında, kökündə hansı amillər dayanır, sualının cavabı konkretdir: Dövlət başçısının düzgün və uzaqgörən siyasəti, sağlam sosial mühit və ictimai-siya­si sabitlik, insan amili, insan taleyinə həssas, qayğıkeş münasibəti!

Bəli, bu fakt, Azərbaycan nümunəsi inkişaf etmiş ölkələrdə bu gün də etiraf olu­nur. Bildirilir ki, Azərbaycanın pandemiya ilə çarpışmasında müşahidə edilən müsbət nəticə məhz ölkənin sosial-iqtisadi tərəqqisi, insanların rifah halının getdikcə yaxşılaş­ması, cəmiyyətin həmrəylik və sabitlik şəraitində yaşaması, hüquq və azadlıqla­rın daha dolğun ödənilməsi kimi amillərə əsaslanır.

Doğrudan da, əgər ölkədə bu amillər olmasaydı, ciddi qayda-qanun tək bizim üçün yox, bütün bəşəriyyət üçün mühüm önəm, dəyər daşıyan sabitlik yaşanmasay­dı, xalq-iqtidar birliyi hökm sürməsəydi, o zaman Azərbaycan koronavirusdan ən çox itki verən ABŞ, İtaliya, Almaniya, Çin, Fransa, İran, Britaniya kimi ölkələrlə yanaşı dayanardı.

Pandemiya ilə mübarizədən ən az itki ilə çıxmağımızda yuxarıda vurğuladığım səbəblərlə bərabər, artıq beynəlxalq aləmdə etiraf edilən və Azərbaycan nümunəsi kimi dəyərləndirilən sosial-iqtisadi paket (layihələr) də əhəmiyyətli rol oynayıb. Mayın 19-da paytaxtda 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə də cənab İlham Əliyev həmin sosial-iqtisadi layihələr barədə ətraflı danışıb. Dövlətimizin başçısı 3,5 milyard manatlıq sözügedən paketə əsasən, dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqının tam, özəl sektorda ça­lışan 700 min insanın maaşının əhəmiyyətli hissəsinin ödənildiyini, 600 min insana 2 ay müddətində 190 manat maliyyə vəsaiti verildiyini, 80 min ailəyə hər ay 220 manat­dan çox ünvanlı sosial yardım ayrıldığını, sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildiyini, tibbi ləvazimat, maska və kombinezonlar istehsal edən 2 zavodun işə salındığını, virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanaların açıldı­ğını, bir sözlə, ölkədə pandemiyaya qarşı mübarizədə heç bir sosial layihənin təxirə salınmadığını diqqətə çatdırıb.

“Kölgə” iqtisadiyyatından şəffaf fəaliyyətə doğru

“Kölgə” iqtisadiyyatından tamamilə uzaqlaşmaq prosesinə hələ pandemiya­dan əvvəl başlansa da, COVID-19-la mübarizənin ilk günlərində çoxu bu məsələnin hələ bir müddət arxa planda saxla­nılacağını düşünürdü. Amma aprelin 17-də Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçir­diyi iclasda “kölgə” iqtisadiyyatının aradan qaldırılması istiqamətində səsləndirdiyi fikirlər dövlət başçısının qeyri-formal fəaliyyətin miqyasının əhəmiyyətli dərəcədə kiçilməsində və rəqabət mühitinin daha da yaxşılaşmasında qətiyyətli olduğunu bir daha təsdiqlədi: “Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də “kölgə” iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu “kölgə” iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Admi­nistrasiyasına dərhal məlumat verin”.

Bəli, cənab Prezident qeyri-formal yolla fəaliyyət göstərən şəxslərə, sahib­karlara dəfələrlə müraciət edərək, “kölgə” iqtisadiyyatından çıxmağı tövsiyə edib. Səbəbini də çox aydın açıqlayıb: “Qeyri-formal məşğulluğa son qoyun, çünki bu, gələcəkdə sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz”.

Pandemiya dövründə isə etiraf edək ki, dövlət başçımızın bu narahatlığı özünü qabarıq büruzə verdi. Aztəminatlı təbəqənin nümayəndələri, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlar daha çox əziyyətlə üzləşdi. Lakin dövlət yenə də onları ümidsiz, tək-tənha qoymadı, problemlərini öz üzərinə götürdü, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini qərarlaşdırdı.

Onu da deyək ki, ümumiyyətlə, son illər ölkə iqtisadiyyatının dinamik inkişa­fı istiqamətində reallaşdırılan tədbirlərlə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması yönündə davamlı islahatlar həyata keçirilib. Bu isla­hatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaradıb. Nəticədə, iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artımına nail olunub, dövlət-biznes münasibətləri daha sağlamlaşıb, maliyyə intizamı yaxşıla­şıb. Belə şərait statistik göstəricilərdə də öz ifadəsini tapıb: 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilol­malar 21,3 faiz artaraq 1,4 milyard manatı üstələyib. Buna paralel olaraq əməkhaqqı fondu da ağarıb. Başqa sözlə, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb, o cümlədən, bu artımın 99 mini özəl sektorun payına düşüb. Ümumilikdə, son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb.

Belə müsbət göstəricilərin sayını daha da artırmaq olar. Bir şərtlə ki, bundan sonra da, koronavirus dövrünün “acı nəticələri” nəzərə alınaraq, hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməyi diqqət mərkəzində saxlamalıdır. Dövlətin biznesdən və əhalidən gözləntisi – fəaliyyətin tam şəffaflaşdırılması da məhz bunu tələb edir.

COVID-19 bizə belə bir məsələnin daim önəm daşımaq zəruriliyini çatdırdı. Bax, elə buna görə də şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olması­nı təmin edir. Bu üstünlüyü, əhəmiyyətli məqamı görməyi, diqqətdə saxlamağı bacaranlar isə əslində dövlət başçısı ilə həmrəylik nümayiş etdirdilər. Ona görə də postpandemiya dövründə iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik davam etdirilməlidir.

Korrupsiya – dünyanın bu ağır bəlası ilə mübarizə kəskinləşir

Son illər Azərbaycanda reallaşdırılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə, struktur yeniləşmələrilə müşayiət olunur. Bütün bunların fonunda, əgər belə demək mükündürsə, respublikada siyasi trans­formasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq struktur və kadr islahatları­nın davamlı xarakter alması özünü qaba­rıq büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokra­tiya, süründürməçilik, həmçinin korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılma­sı, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, şübhə yoxdur ki, bütün bu tədbirlər, gerçəkləşdirilən islahat­lar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi məqsədi daşıyır.

Hamımız yaxşı xatırlayırıq, dövlətimizin başçısı Azərbaycanın yeni Baş prokuro­ru Kamran Əliyevi videoformatda qəbul edərkən, bu məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxundu, öz dəyərli tapşırıq və tövsiyələrini verdi. Cənab İlham Əliyev respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində reallaş­dırılan tədbirlər, neqativ hallara – korrup­siya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, habelə qanunun aliliyinin təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrdən ətraflı danışdı. Həmişəki kimi, bu dəfə də ölkə rəhbəri vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərməli olduqlarını xa­tırlatdı və bildirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərinə daim həssaslıqla yanaşmalı, onların üzləşdikləri müəyyən çətinliklərin aradan qaldırılmasına yardım­çı olmalıdırlar: “...Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunan­da ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni za­manda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyi­miz birmənalıdır”.

Burada bir məqamı xüsusilə qeyd etmək istərdim. Cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi 17 il ərzində keçirdiyi bütün rəsmi, yaxud qeyri-rəsmi görüşlərində, tədbirlərdə məmurlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin müm­künlüyünü xatırladıb. Dövlətimizin başçısı deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Prezident İlham Əliyev çıxışlarında, eyni zamanda, ümidlərini doğrultmayan, korrup­siya və rüşvətxorluğa yol verən məmurların cəzalandırılacaqlarını da xatırladıb.

Təəssüf ki, ölkə rəhbərinin bir sıra hallarda tövsiyələrinə əməl etməyən məmurlara da rast gəlinir. Artıq onların, başqa sözlə, Azərbaycan Prezidentinin etimad göstərib vəzifəyə təyin etdiyi şəxslərin qanunazidd əməllərə, özbaşınalığa yol verdikləri də aşkarlanır, üzə çıxarılır və təbii ki, cəzalandırılır. Bununla bağlı son bir neçə ayda Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçılarının qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyatlar haqqında çox danışmaq olar. Lakin az müddət bundan əvvəl ictimaiyyətin diqqətini çəkən bir hadisəni xatırlatmaq istərdim. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanan İmişli Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq, kömək etmək əvəzinə, hətta vətəndaşlara məxsus əmlaklara tamah salıb, onları ələ keçirib. Bu və buna bənzər hərəkətlər adamı dəhşətə gətirir. Görünür, belələri üçün vətənpərvərlik, vətəndaşlıq mövqeyi, dövlətçiliyə sədaqət, insanlara diqqət və qayğı göstərmək deyil, şəxsi mənafe, haram yolla sərvət toplamaq, varlanmaq hər şeydən üstündür.

Yuxarıda vurğuladığım kimi, ölkə rəhbəri tərəfindən icra hakimiyyəti başçı­ları, eləcə də digər strukturların rəhbərləri vəzifəyə təyin ediləndə, onlara insanların qayğıları ilə maraqlanmaq, vətəndaşlara həssas münasibət bəsləmək, bürokra­tik əngəllər yaratmamaq, eyni zamanda, sahibkarlığa, özəl bölməyə dəstək olmaq, investisiya mənbələri axtarmaq, yeni iş yerlərinin açılmasında təşəbbüskarlıq göstərmək ümdə vəzifə kimi tapşırılır. İcra başçıları isə həmin tapşırıqlara laqeyd ya­naşanda, bir çox hallarda isə vəzifələrindən sui-istifadə edəndə, təbii ki, cəmiyyətdə müəyyən narazılıq, sosial gərginlik halları da müşahidə olunur. Əlbəttə, dövlət baş­çısı həmin vəzifəli şəxslərin belə neqativ əməllərinə biganə yanaşmır, dərhal reak­siya verir, hüquq-mühafizə orqanlarından korrupsiya və rüşvətxorluğa qarşı daha sərt mübarizə aparmalarını tələb edir. Ona görə də dövlət başçısı rayon icra başçılarının, yüksək çinli məmurların fəaliyyətindən yetərincə məlumatlı olduğunu vurğulayaraq “korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökünü kəsməkdə” qətiyyətli olduğunu və bu tədbirlərin davam edəcəyini bir daha diqqətə çatdırır: “Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, in­sanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir”.

Şübhəsiz ki, xalq Prezidentin ölkədə ədalətin və qanunun təntənəsi naminə davam etdirdiyi bu strateji xəttini bütün varlığı ilə dəstəkləyir. Biz bunu təkcə gündəlik mətbuatda deyil, gerçək həyatın güzgüsünə çevrilmiş sosial şəbəkələrdə də çox aydın şəkildə görürük.

Uzun illərin sınağından çıxan, təsdiqlənən bir həqiqəti yenidən xatırlatmaq istərdim: Xalqın problemlərinin həllinin, çətinliklərinin aradan qaldırılmasının ən səmərəli yolu düşünülmüş iqtisadi-sosial strategiyanın uğurla gerçəkləşdirilməsindən keçir. Belə olan halda isə ölkədə əmin-amanlıq, dinclik, xalq-iqtidar birliyi yaşanır. Biz bunun indiki ağır sınaq dövründə – koronavirusla mübarizə günlərində bir daha şahidi olduq. Şahidi olduq ki, dövlət başçısı cənab İlham Əliyev bu reallığı daim önə çəkir, insan amilinə yüksək həssaslıqla yanaşır. Ona görə də ölkədə möhkəm sabitlik hökm sürür, xalqın öz Prezidentinə etimadı getdikcə güclənir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır.

Hüseynbala MİRƏLƏMOV,
YAP Xətai rayon təşkilatının sədri

Keçidlər