Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanların sağlamlığı dövlətimiz üçün birmənalı qaydada ən mühüm vəzifədir!

11 iyun 2020 | 11:00

Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın iyunun 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılışında dövlətimizin başçısı COVİD-19 yeni növ koronavirusa qarşı həyata keçirilən tədbirlər barədə olduqca mühüm məqamlara diqqət çəkdi.

Cənab Prezident qeyd etdi ki, həyata keçirilən bütün bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Bu amil dövlət siyasətinin bütün istiqamətlərində özünü büruzə verir və pandemiyaya qarşı mübarizdə Azərbaycanı digər dövlətlərdən fərqləndirən nümunəvi bir mənzərə yaradır. Qlobal iqtisadi münasibətlər sistemində pandemiyanın yaratdığı problemlərə baxmayaraq, Azərbaycan dövlət olaraq, vətəndaşların  sağlamlığı, həyati təhlükəsizliyi, sosial problemlərin həlli, iş yerlərin qorunması və məşğulluğun təmin edilməsi ilə bağlı bütün məsuliyyəti öz çiyinlərində daşıyır. Prezident İlham Əliyev də öz nitqində qeyd etdi ki, Azərbaycan dünya miqyasında koronavirusa yoluxan bütün xəstələrin müalicəsini tibbi müəssisələrdə təmin edən nadir ölkələrdəndir.
Sitat:  “Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Qeyd edək ki, dövlətimizin vətəndaşlarımızın sağlamlığını, rifahını bütün digər amillərdən yüksəkdə tutması, özünü bütün dönəmlərdə olduğu kimi COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi ilk günlərdən biruzə verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə yoluxmanın qarşısının alınması istiqamətində gerçəkləşdirilən tədbirlər konseptual əsaslara, düzgün proqnozlaşdırmalara, xəstəliyin yayılma dinamikasının dəqiq təhlilinə əsaslandığı üçün, proses dərhal nəzarətə götürüldü və effektiv nəticələr verməyə başladı.
Koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz bir şəkildə ölkəmizə gətirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, virusun yayılmasının minimuma endirilməsi məqsədilə karantin rejiminin tətbiqi, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, aztəminatlı ailələrin müdafiəsi istiqamətində qəbul olunan qərarlar və Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaradılması, qısa bir zaman ərzində tibbi maska və digər zəruri ləvazimatlar istehsal edən müəssisələrin işə başlaması Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürütdüyünü sübuta yetirir.
Onu da qeyd edək ki, Azərbaycanda ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter daşıyır. Az qala hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi oluruq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır! Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir!      
Azərbaycanın bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk gündən ciddi təhlükə kimi qəbul etməsi və qarşının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməsi çox mühüm məqamlardan biri kimi qiymətləndirilməlidir. Dövləti təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atdı, hətta qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirdi, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgilədi. Buna misal olaraq, ölkəmizin koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və 30-a yaxın ölkəyə təqdim etdiyi maliyyə dəstəyini göstərmək olar. Şübhəsiz ki, bu dəstək həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyi üçün də mühüm əhəmiyyətə malikdir. Çünki koronavirus qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Bu baxımdan ölkəmizin sərgilədiyi mövqeyini, eyni zamanda, qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır.
Cənab Prezident öz nitqində ölkəmizin qlobal təşəbbüsləri ilə bağlı çox önəmli məqamlara diqqət çəkdi və Azərbaycanın özünü çox məsuliyyətli apardığını vurğuladı: “Mən qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib”.

Bəli, Azərbaycan həm ölkə vətəndaşlarının həyati təhlükəsizliklərinin təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlarla, həm qlobal təşəbbüsləri ilə, həm də xüsusi karantin rejimində tətbiq olunan “SMS icazə”, “teledərslər” kimi innovativ layihələrlə liderlik nümayiş etdirdi.

Dövlət başçısının da öz çıxışında bildirdiyi kimi, hazırda Azərbaycanda 20-dən çox laboratoriya fəaliyyət göstərir: “Koronavirus xəstələrini müalicə etmək üçün  ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda,  karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıbdır”. Prezidentin sözlərinə görə, ölkəmizdə modul tipli üç xəstəxananın açılması, koronavirusla bağlı mübarizədə növbəti önəmli addımlardan biridir.
Sonda onu da qeyd etmək istəyərdik ki, bütün görülən tədbirlər bir daha bariz şəkildə sübut edir ki, insanların və cəmiyyətin sağlamlığı dövlətimiz üçün birmənalı qaydada ən mühüm vəzifədir, və biz də hər birimiz öz məsulıiyyətimizi dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrini heç bir təşviş yaratmadan yerinə yetirməliyik.

Xətai Rayon Gənclər və İdman İdarəsinin 
aparıcı məsləhətçisi Mamed Rzayev

 

Keçidlər