Şriftin ölçüsü :

Saytın rəngi :

Milli həmrəylik ümumi qələbənin əsasıdır: Siyasi partiyaların tarixi bəyanatı

20 iyul 2020 | 11:00

Xətai rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov


       Müdrik Azərbaycan xalqı ordu-xalq birliyini 2016-cı ildə məhşur Aprel döyüşləri zamanı görmüşdü. Amma bu birliyi daha möhtəşəmliyini indi  2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabı zamanı yaşadıq. Sözün əsl mənasında rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə vurduğu sarsıdıcı zərbə  Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdətinin yaşandığını sübut etdi.  Ən əsası isə  Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.
Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, bütün siyasi ambisiyalarını kənara qoyaraq həmrəylik, milli birlik ifadə etmiş,  Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Bu da əlbəttə ki, Azərbaycanın müstəqillik tarixində bir ilk idi. Azərbaycanda dünən siyasi rəqiblər olan  siyasi baxışları müxtəlif olan partiyalar  Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. Əsl qürurverici an, fərəh duyucu məqam.
     43 partiya sədrinin imzaladığı Birgə Bəyanatdan: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.” Və bunun sübutu insanlar, xüsusən də gənclər Səfərbərlik xidmətləri qarşısında könüllü olaraq ordu sıralarına yazılmaq üçün növbəyə dayandılar.
   Bu birgə bəyanatdan dərhal sonra bir sıra partiyaların liderləri - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov,  Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdilər.
Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirərək bu hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Qeyd olunduğu kimi Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısının alınması, çoxlu sayda canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən bölük coşquyla qarşılanmışdır. Xalq-ordu həmrəyliyinin bariz nümunəsi  hərbiçilərimizə dəstək məqsədilə çoxsaylı insan axınının Şəhidlər xiyabanına yürüşü idi. Ancaq əfsuslar olsun ki,  hər zaman olduğu kimi Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri insanlarımızın bu gözəl niyətinə  kölgə salmağa çalışdılar və qanunsuz əməllər törətməyə cəhd etdilər. Bir qrup azğınlaşmış dəstə Milli Məclisin binasına soxularaq təxribat törətməyə çalışdılar. Sual olunur gecənin bu vaxtlarında sənin parlamentin binasında nə işin var. Əlbəttdə məqsəd aydındır. İnsanların öz prezidentinin, ordusunun yanında olması, onu dəstəkləməsi ölkədə qarışıqlıq salmanı özlərinə ümdə məqsəd hesab edənlərə sərf etmirdi. Amma bu çirkin niyyət baş tutmadı Nəinki xalq, eləcə də siyasi partiyalar Ali Baş Komandanla bir sırada olduqlarını elan etdi. Bəyan edildi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı müdrikliyini bir daha ortaya qoyaraq hər şeyi görür, qiymət verir. Dövləti də həmişə olduğu kimi indi də xalqı ilə birlikdədir. Bu birliyi isə heç bir qüvvə sarsılda bilməz.
Əlbəttə bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordunun köməkliyi ilə torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli zəfər bayrağını Xankəndində, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda  sancacaq.

Keçidlər