Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir

24 iyul 2020 | 11:00

Xətai rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov


Azərbaycanda  bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin nəzarəti altındadır. Həm dövlət başçısı möhtərəm cənab Preziden İlham Əliyev, həm də birinci vitse-prezidentimiz Mehriban Əliyeva hər  an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.
Elə bunun bariz nümunəsindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xətai rayonunda Şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştiraklarıdır. Mərasim zamanı dövlət başçısı öz nitqində bildirdi ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub. Davamlı olaraq şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Bu işlərə artıq özəl özəl sektor da çox fəal şəkildə qoşulub. Bu il öz vəsaiti hesabına “Kapital Bank” bu kateqoriyadan olan insanlara 68 mənzili təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.
Sosial sahədə görülən işlər sayəsində keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.

Əlbəttə ki, bu pandemiya bütün dünyanı, o cümlədən Azərbaycanı gözlənilmədən cənginə aldı. Hətta ən güclü dövlətlər belə bunun qarşısında aciz qaldılar. Lakin respublikamızda dövlət başçısının səyi və vaxtında verdiyi qərarlar nəticəsində qabaqlayıcı tədbirlər görüldü. Cənab İlham Əliyev öz nitqində bu barədə danışarkən bildirdi ki, bu tədbirlər çərçivəsində yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir, bir neçə xarici ölkədən mütəxəssislər,  həkimlər cəlb edilib.
Sosial – iqtisadi inkişafın əsas sahələrində danışan dövlət başçısı bildirdi ki, ölkə gəlirinin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur.
Cənab Prezident bildirdi ki, Pandemiya dövründə bütün dünyada böhran davam edir. 150 ölkə kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq Azərbaycanda bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Bu sevincə qoşulan bir qrup da var. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə. də Onların arzusu budur ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın. Bunlar bizi özlərinin hakimiyyətdə olduğu dövrlərə qaytarmaq istəyirlər. Hansı ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı.
Dövlət başçısı bir müddət əvvəl Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində cəhd elədiyi təxribatdan danışarkən bildirdi ki,  Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.
Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.
İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.
Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.
Bu günlərdə çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərdi. 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatı, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə Azərbaycana birmənalı dəstək oldu.   
Prezident İlham Əliyev nitqində erməni vandallığına da diqqəti çəkdi. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.
Amma Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. Əksinə KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.
Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Dövlət Başçısı nitqinin sonunda bir daha bildirdi ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ məsələsi yarımçıq yox, birdəfəlik həll olunmalıdır. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.
Dünyada baş verən son hadisələr, Azərbaycana qarşı ermənilər tərəfindən təxribatların davam etirilməsi bir daha göstərir ki, düşmənimiz heç faxt çirkin siyasətibdən, əl çəkən deyil. Amma son hadisələrdə biz xalqımızın, vətəndaşlarımızın, soydaşlarımızın ölkəmizlə yanaşı xaricdə də - Rusiyada, Avropada, Amerikada birliyini, Bütöv Azərbaycanımız uğrunda, dövlət və dövlətçiliyimiz uğrunda birləşərək canlarını belə fəda etməyə hazır olduqlarını görürük.  
Bu bir daha göstərir ki, Azərbaycan xalqı,  Azərbaycan vətəndaş hər zaman öz dövlətinin, öz Prezidentinin və öz rəşadətli ordusunun yanındadır və hər zaman torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün Ali Baş Komandanın əmrini gözləyir.

Keçidlər