Ölkəmiz üçün təhlükə yarada biləcək hər problem dövlət nəzarətindədir!
Xətai rayon İcra Hakimiyyəti, rayon Təsərrüfat şöbəsinin müdiri Rafiq İsayev
Son illər dünyada baş verən qlobal istiləşmə, dəyişkən hava şəraiti ilə müşahidə olunan iqlim dəyişikliyi, eləcə də dünya əhalisinin artması, həyat standartlarının yüksəlməsi, istehlak tərzinin dəyişməsi, kənd təsərrüfatının genişlənməsi, suya olan təlabatın artması və digər səbəblər ciddi şəkildə su çatışmazlığı, xüsusən də içməli su ilə bağlı problem yaratmağa başlayıb. Dünyanın 70 faizdən çox hissəsi sudan ibarətdir, lakin bunun yalnız 3 faizi içmək üçün yararlıdır ki, onun da 2 faizini ekstrimal şəraitdə olan buzlaqlar təşkil edir. Bu isə o deməkdir ki, yalnız 1 faiz su içmək üçün yararlıdır. BMT-nin hesabatına əsasən 10 ildən sonra yəni 2030-cu ildə dünya əhalisinin yarısı içməli su problemi ilə üzləşəcək. Artıq 36 ölkə su resurslarının çatışmazlığından əziyyət çəkir. Deməli İçməli su resurslarının düzgün idarə edilməsi Azərbaycan üçün də aktualdır problemlərdəndir.
İyulun 23-də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə müzakirə olunan məsələlər qarşıya qoyulan konkret tələblər bir daha göstərdi ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.
Müşavirədə geniş nitqlə çıxış edən dövlət başçısı ilk öncə qeyd etdi ki, bütün həyati məsələlərdə əhəmiyyətli olan qaz, işıq, nəqliyyat sektorunda problemlər demək olar ki, ən yüksək səviyyədə təmin edilib. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə nəticəsində artıq uzun müddət ərzində özümüzü elektrik enerjisi ilə təmin edirik. Eləcə də ixrac imkanlarımız da yaranıb.
Ölkədə qazlaşdırma 96 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bunlar əlbəttə dünya üzrə çox ürəkaçan, yüksək göstəricilərdir.
Ardıcıl və davamlı həyata keçirilən infrasturktur layihələri arasında su təsərrüfatı da xüsusi önəmə malikdir. Su təsərrüfatlarında mövcud olan problemlərin həlli 2004-cü ildə regionların sosial iqtisadi inkişafına dair birinci dövlət proqramı qəbul olunanda çox açıq şəkildə ortaya qoyulub. O vaxtdan sonra ölkədə infrastuktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Regionların sosial inkişafına dair birinci dövlət proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz idi. İndi isə bu rəqəm 70 faizə çatıb, paytaxtda içməli suyun davamlı şəkildə alan əhali sayı 29 faizdən 82 faizə çatıb, regionlarda içməli su ilə təminat 9 faizdən 63 faizə qədər artıb. Ölkə başçısı bildirdi ki, amma qarşıya qoyulan hədəflərə tam nail olunmayıb. Bu təminat hər bir sahə üzrə həm içməli su, həm də əkin sahələrinin suvarılması təminatı sularında göstərici 100 faiz olmalıdır. Ona görə ki, son dövrlər, ələxsus qlobal səviyyədə iqlim dəyişikliklərinin getdiyi bir dövrdə bütün ölkələr üçün bu məsələ xüsusi aktuallıq tələb edir. Bu səbəbdən də içməli su və meliorasiya layihələri ölkə gündəmində ən vacib məsələlərdəndir. Müşavirədə həm problemlərin qoyuluşu, həm həlli istiqamətində reallaşacaq layihələrdən bəhs olundu, yaxın-orta və gələcək perspektivdə görüləcək işlər sistemləşdirildi və strateji plana daxil olunacaq məsələlər qeyd olundu.
Dövlət başçısı çıxışı zamanı indiyə qədər görülmüş işlərin müqayisəli təhlilini apararaq müxtəlif sahələrdə regional planların, regional inkişaf strategiyalarının reallaşması nəticəsində bir çox uğurlara nail olunduğunu bildirdi, eyni zamanda, son illərdə ölkədə həyata keçirilən nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişdiyi vurğulandı. Bu layihələr arasında Oğuz-Qəbələ-Bakı kimi yerli su mənbələrinə əsaslanan layihələri göstərmək olar. Bundan başqa 270 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması, 165 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarını misal göstərmək olar. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Bununla belə hələ də neqativ hallar, çatışmazlıqlar az deyil.
Son illərdə baş verən iqlim dəyişikliyi və su problemlərinin bəzi məmurlar tərəfindən düzgün idarə olunmaması ciddi problemlərə yol açıb. Ona görə də “bütün qüsurları buraxan, məsələyə səhlənkar yanaşan vəzifəli şəxslər cəzalandırılmaldır”.
Ölkə başçısının müşavirədə qeyd etdiyi məqamlardan biri də 22 kanalın yenidən qurulmasının nəzərdə tutulması və bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll edilməsi məsələsidir.
Müşavirədə Azərbaycanın aqrar sektorunda sudan istifadə texnikasının dəyişməyin də zəruri olduğu vurğulandı. Belə ki, aparılan tədqiqatlar göstərir ki, müasir suvarılma sistemlərinin layihə qiymətləri yüksək olsa da onlar effektivdirlər. Beləki, yeni texnologiyaların tətbiqi məhsul kateqoriyasından asılı olaraq 30-100 faiz məshuldarlığın artmasına səbəb olur, torpaqların daha uzun müddətli əkinə yararlı olmasını şərtləndirir. Belə olan halda bir dəfə çəkilən xərc məhsuldarlığın artırılması yolu ilə qısa müddətdə geri qayıdır.
Müşavirənin yekununda Prezident İlham Əliyev bildirdi ki, bu işləri səmərəli şəkildə aparmaq üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
Bütün bunlar dövlətin gördüyü və görəcəyi tədbirlərdir. Bəs biz vətəndaşlar? Bizlər bu görülən işlərə nə töhfə verə bilərik.? Əlbəttə vəziyyətin ciddiliyini dərk etməli, sudan istifadədə diqqətli olmalı və suya qənaət etməliyik.