Şriftin ölçüsü :

Saytın rəngi :

İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının açarıdır

10 avqust 2020 | 11:00

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  YAP Xətai rayon Təşkilatının İdarə Heyətinin üzvü,  «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə 

Son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar Azərbaycana ən islahatçı ölkə imicini qazandırmaqla yanaşı, eyni zamanda, davamlı iqtisadi inkişafı təmin edib. Dövrün, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün əsas yaradır. Təkcə 2019-cu ildən bu günə qədər həyata keçirilən struktur islahatlarına diqqət yetirsək bu addımların idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına, yeni çağırışlara uyğunlaşmağa nə kimi yol açdığını aydın görərik. Bir sözlə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır. Struktur islahatlarının faydalarından biri ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi videoformat şəklində müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həllivacib tapşırıqlarını çatdırdı. Bildirdi ki, bu tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir. Qarşıya qoyulan əsas tələblərdən biri bu oldu ki, dövlət şirkətlərinin işində yeni idarəetmə sistemi qurulmalıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev həmin müşavirədə bu əminliyi də ifadə etmişdir ki, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.

Azərbaycan son 17 ildə öz investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyub. Bbu müddətdə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması Azərbaycanda mövcud sabitliyin və əlverişli biznes mühitinin təqdimatıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 7 avqust 2020-ci il tarixli Fərmanı əsasında dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə dayanıqlılıgının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da dövlətimizin bu istiqamətdə dərinləşdirilmiş islahatlar paketinin əsas tərkib hissəsi kimi dəyərləndirilməlidir. İslahatların təkmilləşdirilməsi həm dövlət xərclərinin azaldılmasına, həm də vəsaitlərdən daha səmərəli istifadə etməklə göstərilən fəaliyyətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradacaq. Fərmanda da qeyd edildiyi kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsipləri əsasında inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün zəruri olan bütüm addımlar davamlı olaraq atılır: 11 istiqaməti özündə birləşdirən Strateji yol xəritələri də 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı əhatə edib. Məqsəd yenə də iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir.

Cənab Prezidentin atdığı bütün addımlarda dövlətimizin daha da gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması prioritet istiqamət təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Bütün dövlət məmurları xalqa xidmət etməli, onların qayğıları ilə yaşamalıdırlar.

Bütün dünya dövlətlərinin koronavirus infeksiyasının ağır sosial və iqtisadi fəsadlarını yaşadığı bir dövrdə Azərbaycanın yeni inkişaf modeli ilə diqqət mərkəzində olmasını möhkəm bazanın mövcudluğu ilə bağlıdır. Ölkəmizin dayanıqlı inkişafı qaçılmazdır. Kasıb yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycan hər zaman idarəçilik sistemində yenilikləri, imza atdığı yeni-yeni layihələri ilə liderliyini qoruyub. “ASAN xidmət”, “ABAD”, “DOST” kimi  bütün dünyaya səs salan layihələr də Azərbaycanın idarəetmə sistemindəki yenilikləri sırasındandır.

Dövlət İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilikdir: Belə bir qurumun formalaşması ilə dövlət müəssisələrinin  fəaliyyətinin təkmilləşdirilməsi, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının təkmilləşdirilməsi, aparıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri  xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasına töhfə verəcək.

Keçidlər