Şriftin ölçüsü :

Saytın rəngi :

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

23 sentyabr 2020 | 11:00

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  YAP Xətai rayon Təşkilatının İdarə Heyətinin üzvü,  «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə

30 ildən artıqdır ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə, səsləndirdiyi qeyri-ciddi bəyanatlara, törətdiyi təxribatlara  görə artıq dalana dirənib. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində əsas diqqət yönəldilən məsələ  Dağlıq Qarabağ problemi olmuşdur. Dövlətimizin başçısı bir daha Ermənistanın məqsədinin danışıqları pozmaq, ondan sonra Azərbaycanı  ittiham etmək və status-kvonu dəyişməz saxlamaq olduğunu bildirərək demişdir: “Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.”

Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxması öz əksini tapıb. Dövlətimizin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi bəllidir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.

Yəni, Dağlıq Qarabağ problemi  beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində bir daha BMT-yə  üzv dövlətlərin qurumun  Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüyünü, lakin Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozaraq  Azərbaycana qarşı hərbi güc tətbiq etdiyinə diqqət yönəltmişdir” söyləyən V.Rəhimzadə vurğulayıb ki, təəssüflər olsun ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının  qətnamələrinə məhəl qoymamaqda davam edir: “İşğalçı Ermənistanda yeni hakimiyyətin münaqişənin həllinə gətirdiyi “yeniliklər” regionda hərbi siyasi gərginliyin daha da artmasına xidmət edir.  Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” tipli aqressiv və təxribatçı bəyanatları danışıqlar prosesinə ciddi zərbədir. Paşinyan  danışıqlar prosesində əsassız şərtlər irəli sürür və bu tələlər dövlətimiz tərəfindən  haqlı olaraq qətiyyətlə rədd edilmişdir. Azərbaycan dövləti bir daha bəyan etmişdir ki, sülhə nail olunması üçün bizim  yeganə şərtimiz Ermənistan silahlı qüvvələrinin  işğal edilmiş bütün ərazilərimizdən  çıxarılmasıdır. “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.” Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi, əzəli torpağı  olaraq tanıyır.”

Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını açıq-aşkar nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan nitqində bir daha işğalçı dövlətin əsl simasını,  yeritdiyi aqressiv siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.”

İşğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, dünya buna göz yumur.  Ermənistan hərbi təxribatlarını davam etdirir, sərsəm bəyanatları ilə danışıqlar prosesini pozur, yenə dünya susur. İşğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirir, Şuşada  qondarma rejimin qondarma rəhbərinin guya andiçmə mərasimi təşkil olunur, dünya seyrçi mövqeyini dəyişmir. Bu kimi təxribatlara, çirkin oyunlara son qoyub, Ermənistanı  danışıqlar prosesinə cəlb etmək üçün səylər göstərmək əvəzinə işğalçı dövlət silahlandırılır. Dünyanın bu gözyummalar fonunda möhtərəm Prezidentimiz İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  Qoşulmama Hərəkatının sədri kimi bildirmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var: “Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.”

Müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu gündən-günə möhkəmləndirən, regionda əsl söz sahibinə çevrilən, beynəlxalq hüququn norma və prinsiplərini xarici siyasətinin prioritet istiqaməti kimi öndə saxlayan Azərbaycanın Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin əsasını  hücum diplomatiyası təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman  bəyan edir ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək.  Prezident İlham Əliyev  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsi zamanı da  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar səsləndirmişdir. Bu bəyanatlar işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj olmalıdır.

 

Keçidlər