27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin göstəricisidir
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Əhmədov
İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycanın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verirdi. 27 sentyabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciət edərək Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verib.
Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarını heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir.
27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.Azərbaycan məsuliyyətli ölkədir, Milli ordumuz mülki əhalinin atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. Milli ordumuz mülki əhalini atəşə tutmur. Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan Erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradırlar.Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir.
Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir.
Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. Azərbaycan beynəlxalq hüquq normalarına və müharibənin bütün qaydalarına dəqiqliklə əməl edərək qalibiyyətli əks-hücum taktikasını həyata keçiməkdədir. Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan tapdağından azad edəcək.
Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır!