Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq iqtidar birliyini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan anti-milli qüvvələrə vurulan zərbədir.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Belə bir həmrəylik təqdir olunduğu qədər də nümunəvi siyasi modeldir. Bu model, bu iradə qarşısında tezliklə Ermənistanın işğal olumuş torpaqlardan çıxmaqdan başqa çarəsi qalmayacaq.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Azərbaycan daim münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan edir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.
Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Təəssüflər olsun ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüf ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.Radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı.
Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.
Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.
Biz birlikdə zəfər çalacağıq və torpaqlarımızı düşmən tapdağından azad edəcəyik!
Xətai rayonu, 86 №li tam orta məktəbin direktoru, Cavid Əliyev