Şriftin ölçüsü :

Saytın rəngi :

Bu birlik və qətiyyət bizi böyük qələbəyə doğru aparacaq

02 oktyabr 2020 | 11:00

   Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimindəki çıxışında bir sıra mühüm məqamlara diqqət çəkdi, Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı önəmli mesajlar verdi.

    Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Pakistanın Azərbaycana davamlı dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirən dövlətimizin başçısı, bu münasibətlərin qarşılıqlı olduğunu, iki ölkə arasındakı əməkdaşlığın qardaşlıq xüsusiyyətlərini əks etdirdiyini bildirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətimizin, xalqımızın yanında olub, bizə öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib. Azərbaycan da öz növbəsində hər zaman Pakistanın mövqeyini müdafiə edib, beynəlxalq müstəvidə Kəşmir problemi və digər məsələlərlə bağlı qardaş ölkəni dəstəkləyib.       Azərbaycan Prezidenti  bu gün yanımızda olan, öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrin qardaş Türkiyə və qardaş Pakistan olduğunu və qeyd etdi ki,  Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq”.      

    Cənab Prezidentin bu mesajı xalqımızın düşüncəsini, Azərbaycanın haqqı işi ilə bağlı mövcud olan reallıqlara münasibətini ifadə edir. Azərbaycan xalqı, dövlətimiz hər zaman haqqın, ədalətin yanında olub, humanizm prinsiplərini əsas götürüb, təbii fəlakətlə, yaxud digər çətinliklərlə qarşılaşan ölkələrdən öz dəstəyini əsirgəməyib. Dövlətimiz istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə hər zaman dayanıqlılıq nümayiş etdirib, üzərinə götürdüyü öhdəliklərə, bəşəri dəyərlərə sadiq qalıb. Xalqımıza məxsus bütün yüksək mənəvi dəyərlər Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb və bu səbəbdən, çətinə, dara düşənin ilk harayına yetənlərdən biri Azərbaycan Respublikası olanda bu artıq heç kimi təəccübləndirmir. Azərbaycan etdiyi yaxşılıqların qarşılığını ummur, amma ən kritik məqamlarda ölkəmizə qarşı ədalətli mövqe tutmayanların, haqsızlığa seyrçi qalanların kimliyini də unutmur. Bu səbəbdən də indi çoxları üçün seçim, həqiqət anıdır. Xalqımızın haq işində yanımızda olmayan, dəstəyini ifadə etməyənlərin kimliyini görürük və gələcəkdə Azərbaycanın xarici siyasətində bu gün baş verənlərə göstərilən münasibət əhəmiyyətli rol oynayacaq.     Haq-ədalət Azərbaycanın yanındadır. Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edir və BMT Nizamnaməsinin müddəalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə davranaraq, mülki əhalisini Ermənistanın təxribatlarından qoruyur, işğalçı Ermənistanı sülhə məcbur etmək üçün müvafiq addımlar atır.    

    Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar tarixi abidələri dağıdıblar, məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və        Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Bütün bunlar isə Azərbaycanın rəşadətli əsgər və zabitlərinə böyük mənəvi-psixoloji üstünlük verir. Azərbaycanda hərbi xidmətə çağırılanlarla Ermənistanda işğalçı orduda xidmət etmək üçün zorla toplanılan şəxslərin müqayisəsini aparanda bu mənəvi-psixoloji üstünlüyü açıq şəkildə görmək mümkündür. Azərbaycanda hərbi xidmətə çağırışı toy-bayram kimi qəbul edir, torpaqlarımızın işğaldan azad edilməsində iştirak dəvətini qürurla qarşılayır, bundan şərəf hissi keçirirlər. Ermənistanda isə bunu böyük faciə kimi qarşılaylır və nəyin bahasına-olursa olsun xidmətdən yayınmağa çalışırlar.      

   Ölkəmizdəki bu yüksək vətənpərvərlik ruhu isə Azərbaycan Prezidentinin cəsarətli və qətiyyətli mövqeyindən, Azərbaycan xalqının, dövlətinin və ordusunun birliyindən, bütövlüyündən qaynaqlanır. Şübhə etmirəm ki, bu monolit birlik, bu qətiyyət və prinsipiallıq bizi böyük qələbəyə doğru aparacaq.

Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru                                                                                     Nəzakət Əsgərova

Keçidlər