Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının qələbə salnaməsi

06 oktyabr 2020 | 11:00

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyev xalqa müraciət edib. Müraciət zamanı Prezident İlham Əliyev Azərbaycanın işğalçı ölkə olmadığını, başqasının torpağında Azərbaycanın gözünün heç vaxt olmadığını bildirib. Azərbaycanın yalnız tarixən ona məxsus olan torpaqları geri qaytarmaq istədiyini vurğulayıb.
    Prezident İlham Əliyev çıxışında aparılan danışıqların və onun formatının faktiki olaraq münaqişənin dondurulmasına xidmət etdiyini bildirib. 
     Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir.
    Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
    Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
   Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. 
  Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Qarabağ yenidən həyata qayıdacaq. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır.
  Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır.
  Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
   Azərbaycan tərəfi hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
   Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür.
 Prezident İlham Əliyev çıxışında Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdi olduğunu bildirmişdir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar.
  İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
   Azərbaycanın Ermənistana cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil.
Ermənistan tərəfi torpaqlarımızdan azad olma cədvəlini Azərbaycana təqdim etməlidir. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
    Hər kəs bilməlidir ki, Qarabağ bizim əzəli torpağımızdır. Qarabağ mədəniyyət ocağımızdır. Qarabağ Azərbaycanımızdır!
   Bu gün Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq!
    Cənab Prezident İlham Əliyev! Azərbaycan xalqına bəxş etdiyiniz şərəf və qürur hisslərinin yaşanmasında sizin  əvəzedilməz zəhmətinizin  olduğunu dərk edirik. Azərbaycan xalqı sizinlə qürur duyur! Siz ordumuzun önündə dayanan qətiyyətli, qorxmaz, vüqarlı sərkərdəsiniz!

Keçidlər