Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır

14 oktyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyev  Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davam etdiyini  və onların Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər etdiyini bildirmişdir. Humanitar atəşkəs sülh demək deyildir. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir.
      Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
     Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. Bu münaqişədə qardaş Türkiyənin rolu əvəzolunmazdır.
     Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.
      Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
        Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.
Biz həmçinin erməni diasporuna qarşı mübarizə aparırıq. İllərdir ki, biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİVlərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Prezident Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.
       Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir.
     Ermənistan məğlubiyyətə uğrayıb. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Prezidentimiz səsləndiriyi hər fikirdə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirmişdir.
Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.
Prezident İlham Əliyev verdiyi müsahibənin hər cümləsində Azərbaycanın maraqlarını əsas tutmuşdur. İllər boyu Beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi.
Sonda İlham Əliyev ermənilərin Gəncədə törətdikləri teror aktını pisləyərək bildirmişdir. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.
       Möhtərəm Prezidentimiz öz çıxışlarında qeyd etdiyi kimi, bizim güclü ordumuz var və bu ordu işğal altında olan torpaqlarımızı hər an azad etməyə qadirdir. Biz əminliklə deyə bilərik ki, istər ön cəbhədə, istərsə diplomatiyada və siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var, o da Prezident İlham Əliyevdir!
   

Bakı Avtomobil Sənaye ASC-nin sədri

Sadıx Əliyev

Keçidlər