Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır!
Bu gün Azərbaycan tarixi günlərini yaşayır. Cəbhə xəttində həyata keçirilən hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, biz istədiyimiz an torpağlarımızı düşmən işğalından azad etmək iqtidarındayıq. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab Prezident İlham Əliyev müsahibəsində, Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayır və buna görə çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir.
Ermənistanın atəşkəs planları tam başqa idi. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi.
Danışıqlar formatı dəyişməz olaraq qalır. Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil;
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın.
Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq.
Hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq ki, buna nail olaq.
Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.
Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi. Ermənistanda əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada.
Türkiyə qardaşımızdır. Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var.
Hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür.
Tezliklə evləri dağılmış insanların problemləri həll ediləcək. Onlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.
Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Vətəndaş deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.
Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.
Azərbaycan Ordusu böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanlarında qəhrəmanlıq göstərir. Xalqımız əmindir ki, Ali Baş Komandan cənab İlham Əliyevin məntiqli diplomatiya strategiyası, o cümlədən rəşadətli ordumuzun gücü sayəsində tezliklə Qarabağımıza qovuşacaqdır. Qarabağ Azərbaycandır!