Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanı pulsuz silahlandırırlar

30 oktyabr 2020 | 11:00

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. Cənab Prezident müsahibəsində bildirmişdir ki, “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox       təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var.
       Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
      Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər.
     Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi.
     Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər.
     Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi.
Prezident İlham Əliyev uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməyindən də söz açıb.
       Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.
     Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyidir. Onlar dayanmasa torpaqların azad olunması davam edəcək.
     Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar.
     Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
    Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər.
   Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.
  Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var.
Hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırılar.
    Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir.
   Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir.
   Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.
    Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib.
   Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.
     Prezident İlham Əliyev bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərzisində mübarizə aparır və işğal altındakı ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparcaq. Böyük Qələbənin tarixi, igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın qanı ilə yazılır. Qarabağ azad ediləcək! Qarabağ Azərbaycandır!

Keçidlər