Regional əməkdaşlığın yeni perspektivləri
Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır.
21.01.2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır.
Ölkələr arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin yaradır. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət edir. Qurulan əməkdaşlıq əlaqələri bütün istiqamətlər üzrə inkişaf etməlidir.
Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır.
Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. İmzalanmış Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradıb.
Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.
Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik.
95№ Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU ELÇİN ABDULLAYEV