Xətai rayonunda “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda inşa müsabiqəsi keçirilmişdir
01.02.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.
Müsabiqədə 37 məktəbin 8-11-ci sinif şagirdləri iştirak etmişdir.Təqdim olunan 105 yazı işindən 12 yazı yekun mərhələdə iştirak hüququnu qazanmışdır. Onlayn konfrans vasitəsi ilə baş tutan tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və şöbənin əməkdaşları, Xətai rayon Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev və idarənin əməkdaşları, məktəb direktorları, 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nitq mədəniyyəti dərnəyinin rəhbəri Fidan İsmayılova və digər qonaqlar iştirak etmişlər. Çıxış edən Elmin İmanov və Pənah İmanov gənclərin bu tədbirini təqdir edərək bildirmişdilər ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan Respublikası Ali Baş Komandan İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdüyü siyasət və gərgin əməyi sayəsində dünyanın öndə gedən dövlətlərdən birinə çevrilmişdir. Yetişən belə gənclik isə qüdrətlənən Azərbaycanın gələcəyinin tam təminatçısıdır. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nitq mədəniyyəti dərnəyinin üzvləri Nəzakət Rzayeva, Əbülfəz Sevdimalıyev və sonda “Xudayar” təsnifini ifa edən Kənan Bəşirli tədbiri daha da rəngarəng etmişlər.
Şagirdlər qəhrəman əsgərlərimiz haqqında təqdimatlar hazırlamış, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün dünyada qalib dövlət, xalqımızın isə məğrur xalq kimi tanınmasından söz açmışlar. Şagirdlər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildirmişlər.
Azərbaycan bütövlüyü uğrunda, torpaqlarımızın qorumasında canlarından keçmiş şəhidlərimiz ömür yolu gənclərimizə örnəkdir. Bu cür müsabiqələrin keçirilməsi, gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmasında və şagirdlərin, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.