Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 15-də Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.

16 mart 2014 | 11:00

Martın 15-də Xətai rayonunda, Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 300 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
  Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
  Bu gün  Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilmişdir. Artıq 7 ildir ki, fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.
Nazir vurğulamışdır ki, paytaxtda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir.

Rayon sakinlərinin nəzərinə onu da çatdırırıq ki, yarmarka 4 gün müddətində davam edəcək.

Keçidlər