“Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçirildi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 9 iyun tarixində “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün plener keçirildi.
Plenerə - açıq havada şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən 10 uşaq dəvət olunmuşdu.
Uşaqlar açıq havada milli musiqi sədaları altında öz qabiliyyətlərini nümayiş etdirdilər.
Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq tədbir iştirakçılarını salamladı. Söz alan Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli tədbirin əhəmiyyətindən danışdı. Xalq rəssamı Arif Hüseynov belə tədbirlərin müasir gəncliyin formalaşmasında rolundan danışdı. Rəssam Əbdül Şərif öz fikirlərini balaca rəssamlarla bölüşdü. Tədbirin sonunda iştirakçıların Sertifikat təltif olunma mərasimi oldu.
Xatırladaq ki, festival çərçivəsində plenerlərin keçirilməsində məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.
Nəzərinizə çatdıraq ki, “Azərbaycanım“ festival çərçivəsində mütamadi olaraq plenerlər keçirilməsi nəzərdə tutulmuşdur.
Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında baş tutdu.