Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin məzarları ziyarət olunub
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür.
Anım günündə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri II Fəxri Xiyabanda şəhidlərin məzarlarını ziyarət edib, önünə gül çələngi qoyub, xatirələrini ehtiramla yad ediblər.
Anım mərasimində Rafiq Quliyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, müqəddəs Şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyin örnək nümunəsi, hərb tariximizin ləyaqətli simaları, öz məğrurluğu, hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.
Bir gün öncə Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər ailə üzvləri ilə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Milli Qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salıb, Polad kimi oğulların ölməzliyini, əbədiliyini bir daha vurğulayıb. Həmçinin qeyd olunub ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xətai rayonunda küçələrdən birinin adı dəyişdirilərək Polad Həşimovun adı verilib və onun adına park salınıb. Salınan parkda işlər tam yekunlaşıb, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb. Şəhidin ailə üzvləri onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.