Şəhid kapitan Pənahov Əkbər Bəylər oğlunun anım günü qeyd olunub
Xətai rayonunda Vətən Müharibəsi şəhidi kapitan Pənahov Əkbər Bəylər oğlunun anım mərasimi keçirilib. Mərasimdən öncə doğum günü münasibətilə şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Açılış mərasimində Müdafiə Naziriliyinin, Xətai rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər- polkovnik Abdulla Qurbani, rayon İcra Hakimiyyətinin nümayəndəsi Etibar Əhmədov və başqaları şəhidin döyüş yolundan söz açıb, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.