Xətai rayonunda şəhidlərin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub
Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov, Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Mixail Zabelin, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının ürəyində hər zaman yaşayacağını və onların ömür yolunun bütün gənclərə və gələcək nəsillərə örnək olacağını vurğulayıb.
Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb, şəhidlərə dəsr demiş 204 saylı məktəbin müəlliməsi Əntiqə Qasımova onlar haqqında xatirələrini bölüşmüşdür. Şagirdlər onların xatirəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.
1 hektar ərazini əhatə edən parkda görülən işlər çərşivəsində ərazi qanunsuz çəpərlənmələrdən təmizlənmiş, yöndəmsiz tikililər sökülərək abadlıq işləri aparılmışdır. Ağaclar budanmış, səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə və gənclər üçün idman qurğuları qoyulmuşdur. Azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır.
Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.
Parkın yaxınlığında olan küçələrdə də abadlıq və təmizlik işləri aparılmış, binaların girişlərində və həyətində təmir işləri görülmüş, iaşə obyektlərin fasadları müasir üslubda yenidən qurulmuşdur.