Xətai rayonunda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Sentyabrın 27-də Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Əhmədli qəbirsanlığında və Dədə Qorqud Şəhidliyində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət etmişlər. Anım Günü münasibəti ilə Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında mərasim təşkil olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayonundan olan Vətən mübaribəsi şəhidlərinin döyüş yoldaşları, ailə üzvləri, müəllimləri, yaxınları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımızdır.
Daha sonra tədbirdə şəhidlərin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, onların şərəfli həyat və döyüş yollarından söz açıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin Vətən uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Sonra tədbir iştirakşıları Polad Həşimov küçəsində yerləşən 221 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyasına qatılıblar.
Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən tədbirdə ağac əkilən ərazi əvvəlcədən aksiya iştirakçıları tərəfindən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Ağacəkmə kampaniyası çərçivəsində 44 günlük Vətən müharibəsinin hər gününün şərəfinə 10 ağac, ümumilikdə isə 440 ağac əkilib, ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb. Aksiyada Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib.