Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun anım mərasimi keçirilib
Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun yaşadığı ünvanda xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi şücaətdən söz açıb, onun döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib.
Digər çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür ediblər.