Vətən müharibəsinin şəhidləri Elvin Kazımovun, Kamran Kazımovun, Şükrani Şükranın anım günü qeyd olunub
Vətən müharibəsinin şəhidləri - kapitan Elvin Ədalət oğlu Kazımovun, baş leytenant Kamran Qurbanəli oğlu Kazımovun və əsgər Şükrani Şükranın anım günləri qeyd olunub, məzarları ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərə Allahdan rəhmət, doğmalarına səbr diləyib. Qeyd olunub ki, İkinci Qarabağ savaşında uğurlu əks-hücum əməliyyatının elə ilk saatlarından etibarən düşmənin müdafiə xəttini darmadağın edən Azərbaycan Ordusu, igid, qəhrəman əsgər və zabitlərimiz bir-birinin ardınca şəhərlərimizi, kəndlərimizi, yüksəkliklərimizi azad etdilər. Vətən müharibəsi Azərbaycanın şərəfli Qələbəsi kimi tarixdə qalacaq. Bu Qələbəni qazanmaq yolunda bütün xalqımız birlik və həmrəylik nümayiş etdirdi.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə vurğulayıb ki, Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqlar. Şəhidlərimizin şücaətini, fədakarlığını, onların Vətənə, dövlətə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər. Bundan sonra hər gəncimiz bu igidlərin həyat amalını özlərinə örnək götürəcək.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.