Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun anım mərasimi keçirilib
Xətai rayonunda Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun anım günü ilə əlaqədar xatirə lövhəsi və II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Əliyev, Xətai rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhidin atası Mürvət Əsgərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirdi.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.