Şəhid baş leytenant Həmid Cavanşir oğlu Abbasbəylinin anım günü qeyd olunub
Oktyabrın 24-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəylinin anım günü qeyd olunub. Şəhidin II Fəxri xiyabanda məzarı zayarət olunub, Babək prospekti 70 ünvanında ucaldılan abidə kompleksinin qarşısında anım tədbiri keçirilib.
Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xalq artisti Əli Nur, Əməkdar artist Azad Şükürov, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid Həmid Abbasbəylinin ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açdı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirdi. Rafiq Quluyev, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Həmid Abbasbəylinin ailə üzvlərinə təsəlli verdi, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onun valideynlərinə təşəkkür etdi. Diqqətə çatdırdı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.
Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirdi ki, Həmid kimi igidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yazan insanlardır. Hər bir gənc onların həyatını, döyüş yolunu öyrənməli, qəhrəmanlıq yolundan bəhrələnməlidir. Biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hiss ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu şücaəti, cəsarəti və xalqımızın birliyi ilə dəmir yumruğa çevrilərək yağı düşmənin başını əzdi, işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Təxminən bir il bundan əvvəl Azərbaycan möhtəşəm bir tarix yazdı.
Şəhidin anası Gülnar Abbasbəyli anım mərasimində çıxış edərək söylədi ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir. Əbəs yerə deməyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Həmidin ən böyük arsuzu doğma torpaqlarımızın erməni tapdağından azad edilməsi idi. Allaha şükürlər olsun ki, Həmid kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız yağı düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Həmid kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Oğlumla fəxr edirəm. Bu gün bir şəhid anası kimi mənim ən böyük təsəllim odur ki, qədirbilən xalqımız Həmidin əziz xatirəsini hər zaman ehtiramla yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şəhidin ruhuna dualar oxunub, məzarı və abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.