Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi polkovnik-leytenant İbrahimov Xeyrulla Mais oğlunun və Birinci Qarabağ Müharibəsi şəhidi Sadıqov Faiq Ağakişi oğlunun xatirə lövhələrinin və parkın açılış mərasimi keçirilib

28 oktyabr 2021 | 11:00

Oktyabrın 28-də Vətən müharibəsi şəhidi polkovnik-leytenant İbrahimov Xeyrulla Mais  oğlunun və Birinci Qarabağ Müharibəsi şəhidi Sadıqov Faiq Ağakişi oğlunun  Cavanşir  küçəsi 70 ünvanında xatirə lövhələrinin və parkın  açılış mərasimi keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycanın Xalq artisti, şəhid atası Əli Nur, əməkdar artist Sərvər Əliyev,  şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim   tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu   böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik  “yenilməz, qalib ordu” mifini yerlə-yeksan edib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.
Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki,  bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Daha sonra tədbirdə şəhidlərin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüblər. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.
Mərasimdə    şagirdlərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhidlərin xatirə lövhəsinin yerləşdiyi ərazidə abadlıq işləri aparılıb, park salınıb. Yaşıllıq örtüyü döşənib, səki daşları düzülüb.   Həmçinin, yaşlı sakinlərin istirahəti üşün oturacaqlar qoyulub.

Keçidlər