Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun xatirəsi ehtiramla anıldı

29 oktyabr 2021 | 11:00

Oktyabrın 29-da Xətai rayonundan olan, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik məqamına yüksələn Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Aydın oğlu Həsənovun doğum günü qeyd edildi.
Əvvəlcə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası   Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin   əməkdaşı Abdulla Qurbani, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda qəhrəman zabitin məzarını ziyarət etdilər. Şəhidin ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.
Sonra mərasim şəhid kapitan Ceyhun Həsənovun xatirəsinə   Gəncə prospekti 50 ünvanında ucaldılan memorial abidə kompleksinin qarşısında davam etdirildi.
Şəhidin abidə kompleksinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirdi ki, bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun doğum gününü qeyd edirik:  Ceyhun qardaşımız ölməz qəhrəmandır. Azərbaycan xalqının yaddaşında bu qəhrəmanlar əbədi yaşayacaq. Ceyhunun xatirəsi, onun əməlləri, Vətənə, torpağa sevgisi bizim üçün daim var olacaq. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Həmçinin onların valideynlərinin qarşısında baş əyirəm. Vətən müharibəsində iştirak edib şəhidlik zirvəsinə ucalan, qanlı döyüşlərdə qazi olan insanlar, həmçinin digər savaş iştirakçıları 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevincini yaşatdılar.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun döyüş yolu haqqında danışdı. Qeyd etdi ki, şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.Şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası, intiqamı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alınıb.
  Mərasimin sonunda şəhidin atası Aydın Həsənov, anası Səmayə Həsənova çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, Ceyhunun həyat yolundan danışdılar, övladları ilə bağlı xatirələrini bölüşdülər. Valideynlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Ceyhun kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Mərasim zamanı Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri - Əməkdar artist Cahangir Qurbanovun, Nigar Rəhimovanın ifa etdikləri Zəfər nəğmələri, hərbi marşlar və şəhidlərin xatirəsinə həsr olunan vətənpərvərlik mahnıları böyük maraqla qarşılandı.

 

 

Keçidlər