24 nömrəli tam orta məktəbdə “Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi
Xətai rayonunda 03.04.2024-cü il tarixdə 24 nömrəli tam orta məktəbdə “Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olunub.Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Fövqəladə Hallar Nazirliyinin Baş Regional Mərkəzinin rəis müavini Vüsal Məmmədzadə, Fövqəladə Hallar Nazirliyinin Baş Regional Mərkəzinin Maarifləndirmə Sektorunun müdiri Selvina Qurbanova, Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi baş leytenant Elturan Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Xətai rayon idarəsinin zabiti Rəşad Əliyev, Xətai Rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, Təcili və Təxirəsalınmaz Tibb Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Həmçinin, ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verilib.
Tədbirin praktiki hissəsində fövqəladə hallar zamanı xilasetmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının, qanaxma zamanı ilk yardımın qaydaları izah və nümayiş olunub. Sonra praktiki məşğələyə start verilib. Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şərti olaraq məktəblərdə törədilən yanğınlar lokallaşdırılaraq söndürülüb. Qeyd edək ki, məşqin keçirilməsinin məqsədi təbii fəlakət zamanı davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasıdır.