Vətən müharibəsi şəhidi Əsgərov Fərid Ərəstun oğlunun xatirə-bulaq kompleksinin açılış mərasimi keçirildi.
Vətən müharibəsi şəhidi Əsgərov Fərid Ərəstun oğlunun xatirə-bulaq kompleksinin açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Xalq artistləri şəhid atası-Əli Nur və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zaman kəsiyində - 44 gün ərzində möhtəşəm Zəfər qazandıq. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını 30 il gözlədik. Ermənistan əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun fərqində idi. Çünki torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı, istənilən yolla bu ərazilərimizi azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdik. 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik.
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Zaman keçdikcə bu qəhrəmanlarımız haqqında filmlər çəkiləcək, oçerklər, poemalar, romanlar yazılacaq. Onlar gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsində özlərinin əvəzolunmaz rollarını bir daha təsdiq edərək şəxsi nümunələr göstərmiş tarixi şəxsiyyətlər cərgəsinə qoşulmuşlar. Bu baxımdan əminliklə demək olar ki, hər bir şəhidimiz qanı və canı ilə Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib. Məhz belə şəhidlərimiz haqqında çox gözəl və yerində deyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, abidə kompleksinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.