Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun anım günü qeyd olunub
Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, H.Əliyev adına Bakı Neft Emalı zavodunun rəhbərliyi, Xalq artisti şəhid atası-Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər çıxış edənlər bildiriblər ki, ölkəmiz Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Onların xatirəsi tariximizə qızıl hərflərlə yazılıb və hər zaman qəlbimizdə yaşayacaq.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.