Vətən müharibəsi şəhidi Məmmədov Rəşad Asif oğlunun anım günündə xatirə lövhəsinin və parkın açılışı olub
Vətən müharibəsi şəhidi, Məmmədov Rəşad Asif oğlunun anım mərasimi keçirilib. Anım günündə Əhmədli Qəbirsanlıında şəhidin məzarə ziyarət edilib, R.Məmmədov küçəsi 2 ünvanında xatirə lövhəsinin və parkın açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Xalq artisti şəhid atası-Əli Nur, Əməkdar artist Azad Şükürov, hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə və digər çıxış edənlər çıxış edərək söylədilər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.