Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri qoyublar.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” adlı rəsm sərgisinin nümayişi olub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. bu kimi biri-birindən əhəmiyyətli addımlar gələcək inkişafımızın əsası oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin həyata keçirilməsinin davamlılığını yüksək səviyyədə təmin etdi. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.”
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməldən danışıb. Qeyd olunub ki, Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. R.Quluyev ulu öndər Heydər Əliyevin gələcəyimiz olan gənclərin milli ruhda tərbiyəsi, Azərbayana bağlılığı istiqamətində gördüyü işlərdən bəhs edərək bildirib ki, Azərbaycan gəncləri keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkənin dağılmış iqtisadiyyatının bərpasında, Azərbaycanın hərtərəfli inkişafında məhz həmin dövrlərdə sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin potensialından istifadə olundu. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın tarixi Zəfərindən bəhs edərək bu uğurumuzda da Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu məqamı bildirir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.
Digər çıxış edənlər-YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədri Vaqif Abbasov və başqaları ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs ediblər. Bildiriblər ki, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olundu, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalandı.
Tədbirdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” mövzusunda keçirilən rəsm sərgisinin qaliblərinə diplomlar verilib.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.