Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvi parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar

30 dekabr 2021 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

https://president.az/articles/55150

Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

 

Keçidlər